Cəmİyyət

“Yaqub Məmmədov məni zorla baş nazir qoymaq istəyirdi...”

“Yaqub Məmmədov məni zorla baş nazir qoymaq istəyirdi...”
"1992-ci il martın 24-də parlamentdə dedim ki, prezident seçkilərinə getsək, Qarabağı itirəcəyik...”
"Siz hamınız hakimiyyət uğrunda vuruşurdunuz, bircə Rəhim qalmışdı ortalıqda Vətən,  torpaq hayında...”


Sabiq   Müdafiə naziri Rəhim Qazıyevlə Şuşanın işğalı ərəfəsində Azərbaycanda baş vermiş ziddiyyətli proses və hadisələrdə iştirakı, müəmmalı hərbi-siyasi fiqurlarla münasibəti haqda bəzi mübhəm məqamlara aydınlıq gətirməyə çalışdıq.

-Rəhim bəy,  son açıqlamasında  Şuşanın işğalı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra etmiş  Yaqub Məmmədov sizin adı Xocalı, Şuşa və Laçının işğal etdirilməsində əsas fiqurlardan biri kimi hallandırılan o vaxtkı  baş qərargah rəisi Şahin Musayevlə hansısa şübhəli əlaqələrdə olub-olmamağınızı anlaya bilmədiyini bildirir. Keçmiş dövlət başçısı hətta sizin  1992-ci il mayın 6-da o, Tehranda  Ermənistanla danışıqlar apararkən guya dövlət çevrilişinə cəhd etməyiniz barədə informasiyalar aldığını da söyləyir... 

-Bilirsiz, mən Yaqub müəllimə hörmətlə yanaşmışam. Amma o da ağsaqqal adamdır, gərək etdiyinin, dediyinin arxasından qaçmaya... Şahin Musayev söhbətinə gəlməmişdən öncə bir neçə məsələni xatırladım. Yaqub Məmmədov mənim razılığımı almamış 1992-ci il martın 16-da  Ağdamın polis idarəsinin 2-ci mərtəbəsində keçirdiyi müşavirədə  dedi ki, mən Rəhim Qazıyevi Müdafiə naziri təyin edirəm. Ancaq bəzi müsahiibələrində iddia edir ki, mən Rəhim Qazıyevin təzyiqi ilə Tahir Əliyevi azad edib onu nazir qoydum... 

İkincisi, deyirlər ki, Rəhim Qazıyev dövlət çevrilişinə cəhd edib. Məgər mən o qədər ağılsızam ki, evin qapısını qoyub pəncərədən girim...  

-Bunu hansı mənada deyirsiniz?

- Ona  görə deyirəm ki,  məni nazir qoyandan sonra Yaqub Məmmədov özü mənə daha yüksək vəzifə təklif edirdi. O,  məni zorla baş nazir  qoymaq istəyirdi...   

-Necə oldu ki, o vaxtkı dövlət başçısı belə bir təklif etdi sizə? 

-Yaqub müəllimin yadından çıxmaz bu fakt. Mayın 29-da mən hələ o vaxt MDB birləşmiş qüvvələri komandanının müavini olan Pavel Qraçovla Şəkidə Azərbaycandakı  keçmiş sovet hərbi hissələrinin bazalarının respublikamıza təhvil verilməsi haqda danışıqlar aparıb, bu barədə protokol imzalayıb Bakıya qayıtdıq. Mayın 30-da   Qraçovla bir yerdə faktiki dövlət başçısı, ali baş komandan olan Yaqub Məmmədovun qəbulunda olduq. Biz birgə təxminən 15 dəqiqə müzakirə apardıqdan sonra hörmətli Yaqub müəllim, mənə dedi ki, sən çıx, mənin cənab Qraçovla ayrıca söhbətim var. Mən də "baş üstə” deyib çıxdım.  Yarım saatdan sonra Qraçov Yaqub müəllimin yanından çıxdı. Mən də onu "Gülüstan” sarayının kiçik zalında qonaq etdim və sonra aeroportdan yola saldım. Bu müddət ərzində nə Qraçov mənə Yaqub müəllimlə nə barədə danışdıqlarını söylədi, nə də mən ondan bu haqda soruşdum. Mən o adamlardan deyiləm ki, həmin vaxt Qraçovdan soruşam ki, mənim prezidentim sənə nə dedi. Belə şeyi bir kişi kimi şəxsiyyətimə sığışdırmazdım.  Xülasə, Qraçovu yola salıb qayıtdıqdan sonra Yaqub Məmmədov məni yanına çağırıb dedi ki, Rəhim, Qraçov səni baş nazir kimi görmək istədiyini söylədi. Yalan deyirəmsə, tutduğum oruc məni rəzil etsin. Cavab verdim ki, Yaqub müəllim, doğrudan, siz elə hesab edirsiz ki, mən vəzifə üçün çalışıram. Dedim , siz özünüz mənə xahiş etdiniz ki, Rəhim sənin nüfuzun böyükdü, gəl müdafiə naziri ol(İndi bunlar hamısı yaddan çıxıb, Rəhim Qazıyev haqda müsbət fikir demək olmaz axı)... Yaqub müəllim yenə cavab verdi ki, Rəhim, yox e, bu dəqiqə sənin baş nazir təyin olunmağın haqda fərman verirəm. Dedim, Yaqub müəllim, bu saat müdafiə nazirliyindən də istefa verib gedərəm, mənə vəzifə-filan lazım deyil. Yaqub müəllim, əgər o vaxt belə şey olmayıbsa, de ki, Rəhim şərəfsizdir. Belə çıxır ki,  Qraçovla təkbətək görüşəndə deyib ki, dəstək verin, mən prezident qalım, Rəhim də baş nazir olsun. Əşşi, siz hamınız, Ayaz Mütəllibov da, sən də, digər o vaxtkı prezidentliyə namizədlər də kreslo uğrunda vuruşurdunuz, bircə axmaq kimi Rəhim vətəndən, torpaqdan ötrü ora-bura qaçırdı. Rəhimin o zaman nazir kimi oturmağa ayrıca binası, danışmağa telefonu yox idi. Onların hansı biri bütün siyasi qüvvələrə müraciət etdi ki, gəlin birləşək,  səfərbər olaq, torpaqlarımızı azad edək, sonra vəzifələrin, hakimiyyətin bölüşdürülməsi haqda düşünərik. Amma mən dəfələrlə belə müraciətlər etdim, təəssüf ki, eşidən olmadı...

-Hansısa rəsmi tribunadan belə bir müraciət etmisinizmi?

-Bəli. Parlamentin arxivində axtarsanız, mənim, səhv etmirəmsə, 1992-ci il martın 24-də parlamentdəki çıxışımda verdiyim təklifləri tapa bilərsiniz. O çıxışlarımda    Yaqub Məmmədova və digərlərinə dedim ki, prezident seçkilərinə getməyin. Biz seçkiyə getsək, ermənilərə uduzacağıq və torpaqlarımızı, Qarabağı itirəcəyik. Misal da çəkdim ki, Türkiyə kimi qüdrətli bir dövlətin prezidenti Milli Məclisdə seçilib. Dedim, qoy  parlamentdə müzakirə edək, orda Konstitusiyada hansı maddələrə düzəliş ediləcəksə, edilsin və  nəticədə qanuni şəkildə prezident Ali Sovetdə seçilsin. Və  biz də o prezidentin ətrafına yığışıb Qarabağ problemini həll edək, işğal altındakı bölgələrimizi azad edək.  Sonra  baxarıq, təzədən seçki keçirərərik, ya yox. Əksər deputatlar cavab verdi ki, belə prezident seçkisi legitim olmayacaq.  O halda digər təklifimi verdim ki, gəlin Dövlət Şurası yaraqaq.Və həmin  Dövlət Şurasına həm iqtidardakı, həm də müxalifətdəki tanınan adamlar, o cümlədən Heydər Əliyev, Ayaz Mütəllibov, Yaqub Məmmədov, Əbülfəz Elçibəy, hətta Əbdrrəhman Vəzirov da  daxil olsun. Hamımızın boynuna məsuliyyət yükü düşsün ki, bu torpaq məsələsini həll edək, sonra normal seçkilərə gedərik. Bu təkliflərimin heç biri qəbul  olunmadı.  Nəticədə martın 25-də qərar qəbul olundu ki, 1992-ci il iyunun 7-də prezident seçkiləri keçirilsin. Qardaş, müharibə gedən, artıq neçə bölgəsi, şəhəri, kəndi işğal altında qalan ölkədə seçkilərə vurhavur hazırlıq gedir. Bütün siyasi qüvvələr, hər biri öz namizədini keçirməyə hazırlaşır. Düz mayın 18-ə -Laçının işğal edildiyi günə kimi, Ali Sovet binasının qarşısında  müxtəlif qüvvələrin mitinqləri gedir, çadırlar qurulur və s. Belə bir vəziyyətdə torpaqları qorumaq olardımı? Rəhim Qazıyev belə bir vəziyyətdə nə edə bilərdi? Əksər cəbhə bölgələrindəki, o cümlədən Şuşadan, Laçından, Qubadlıdan, Ağdamdan könüllü döyüşçüləri siyasi məqsədlər üçün Bakıya çağırıb toplayırdılar. Mayın 14-dən 15-ə keçən gecə yalnız Gorandan mənim pulla təhkim etdiyim zabitlərin təlim keçdiyi 2700 döyüşçüdən 2500-ü Bakıya, Ali Sovetin qarşısına çağrıldı.  Həmin  könüllülər arasında olmuş Tofiq Yaqublu da buna şahiddir...

-Şahin Musayevlə ilk dəfə harada necə tanış olmusuz?

(Davamı var)  Moderator

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031