İqtİsadİyyat

“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”

“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”

Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2011-ci ildə "Avesta” şirkəti 100 milyardlıq "Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.  

Şirkətin prezidenti İbrahim İbrahimov (Hacı İbrahim) o zaman bildirmişdi ki, layihənin həyata keçirilməsinə Amerika, Türkiyə, ərəb və Çin investorları maraq göstərirlər. Hətta bu dövrlərdə bir neçə xarici şirkətin rəhbərlərinin layihəyə yatırım edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.  2013-cü ilin oktyabrında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı da olub. Ancaq  bu proyektin inşası 2015-ci ildə dayandırıldı. Buna səbəb layihənin icraçısı olan İbrahim İbrahimovun müflis olması idi. Məlum oldu ki, o, dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı” ndan götürdüyü 1 milyard dollara yaxın vəsaiti təyinatı üzrə xərcləməyib. Layihə rəhbəri "Beynəlxalq Bank” işi məsələsində ödəmədiyi borcuna görə cinayət məsuliyyətinə də cəlb olunmuşdu. O, borcunu ödəmək şərtiylə sərbəst buraxılıb. 

Bu günlərdə də iş adamı mətbuata verdiyi açıqlamada "Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını vurğulayıb. Ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.

Qeyd edək ki, zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib. 

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

Elə bu ərəfədə Rusiyanın "RBK” kanalı "Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan "Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib.  Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib. 

Bu xəbərlə birgə Hacı İbrahimin də verdiyi açıqlama da üst-üstə düşdüyünə görə, bu dəfə başıbəlalı layihənin gerçəkləşməsinin mümkünlüyü gün üzünə çıxır.

Bəs, bu layihənin belə tez başa çatması mümkün ola bilərmi? Növbəti dəfə layihənin fiaskoya uğramaq riskləri varmı?  Pul layihəyə haradan cəlb olunacaq? 

Bu suallara layihənin təhvil verildiyi Azərbaycan Sənaye Korporasiyasından cavab verilib.

Sözügedən quruma bir neçə sualla müraciət etsək də, qısa cavab göndərilib. Bildirilir ki, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə  "Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa  çatmamış  tikililər  ("Yeni şəhər” kompleksi)  "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. "Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün  yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.

Milli Məclisin deputatı Vahid Əhmədov da açıqlamasında qeyd edib ki, sözügedən layihəylə özü tanış olub: "Orada çox böyük işlər görülüb.  İşlərin ağır hissəsi görülsə də, müəyyən işlər hələ də qalıb. Şirkət rəhbəri borclu olduğu üçün layihə satılıb və Azərbaycan Sənaye Korparasiyasına təhvil verilib. Yəqin ki, layihənin üzərində işləyəcəklər. Kreditlər cəlb edəcəklər. Həmin layihəni axıra qədər başa çatdıracaqlar. Bu, çox gözəl bir layihədir. Sözügedən layihənin inkişaf etdirilməsi Azərbaycanda bir sıra sahələrin, o cümlədən, turizmin inkişafına da təsir edəcək. Yəqin hökumət belə bir qərar qəbul edibsə, onun tikintisinin davam etdirilməsi nəzərdə tutulur.  Bu layihəyə vaxtilə xaricdən də maraq göstərənlər olub. Sonradan kredit borcu ilə bağlı problemlər ortaya çıxdı və məsələ yarımçıq qaldı. Hesab edirəm ki, rəhbərlik tamamilə düzgün qərar qəbul edərək həmin layihəni təhvil verdi. Azərbaycanda həm əhatə dairəsi, həm böyüklüyü, həm də maliyyə tutumu baxımından bundan böyük layihə görməmişəm. Onu başa çatdırmaq çox vacibdir”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031