Maraqlı

“Çernobıl”ın əsas qəhrəmanlarının real həyatı

“Çernobıl”ın əsas qəhrəmanlarının real həyatı
 

İntihar, həbsxana və həyata davam edənlər

HBO-nun "Çernobıl” mini-serialı tam olaraq gerçəkləri əks etdirir və 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəza ilə bağlı detallı şəkildə məlumat verir. Qəzanın ekranda göstərilən qorxunc fəsadları diqqətləri yenidən bu mövzuya yönəldib və hər şeyin əslində necə baş verdiyini öyrənməyə sövq edir. Mini-serial yalnız Rusiyada deyil, Qərbdə də çox bəyənilib: bütün diqqət prototiplərinin real mühəndislər, yanğınsöndürənlər, sovet məmurları, əsgərlərin olduğu əsas qəhrəmanlara yönəlib.

"Qafqazinfo" xəbər verir ki, modern.az saytı həmin qəhrəmanların 1986-cı il hadisəsindən sonrakı taleləri və onların gerçək həyatlarında baş verənlərin ekranda göstərilənlərlə nə qədər üst-üstə düşməsi ilə bağlı material hazırlayıb.

Valeri Leqasov - akademik


Filmin baş qəhrəmanı akademik Valeri Leqasov hadisə yerinə ilk gələn və qərarlarıyla Çernobılda qəzanın nəticələrinin aradan qaldırılmasına böyük töhfə verən alimdir. O, dağılan reaktorun yanında dörd aya qədər vaxt keçirib və orta ağır dərəcədə - 100 ber radiasiya alıb. Qəzanın ilk günlərində o hər gün 5-6 dəfə helikopterlə reaktorun üzərinə qalxıb. Sonra yanan reaktorun üzərinə bor, qurğuşun və dolomit gili qarışığı tökməyi təkif edib. Eləcə də Pripyatın tam təxliyəsinə nail olub.

Valeri Leqasov 1986-cı ilin avqustunda Vyanada MAQATE-nin konfransında çıxış edib. Onun Çernobıl AES-dəki qəzanın səbəblərinin analizi və qəzanın radioloji nəticələrinə dair məruzəsi beş saat çəkib. Ehtimal olunur ki, bu məruzə onun həyatında dönüş nöqtəsi olub. Vyana konfransından sonra Qərbdə akademiki cəsarətinə görə qiymətləndirsələr və dünyanı radiasiya qəzasının ciddi fəsadlarından xilas edən qəhrəman kimi təqdim etsələr də, SSRİ-də ona şübhə ilə yanaşmağa başlayırlar. Onun səsləndirdiyi məlumatlar hökuməti rüsvayçı vəziyyətə salmışdı – akademik açıqlanması qadağan olunan dövlət sirrlərini faş etmişdi. Nəticədə, iki dəfə onun Sosialist Əməyi Qəhrəmanı adına namizədliyi irəli sürülsə də, bu ad Leqasova verilmir, ona sadəcə "Slava” saatı hədiyyə etməklə kifayətlənirlər.

1988-ci ilin 27 aprelində, Çernobıl AES-də qəzanın iki illiyində Leqasov Moskvadakı mənzilində asılmış vəziyyətdə tapılır. İlkin versiya intihar idi. Akademik səhərisi gün qəzanın səbəblərinin araşdırılmasının nəticələri ilə bağlı məruzə ilə çıxış etməli idi. Ölümündən əvvəl Valeri Leqasov qəzanın səbəbləri və özünün qəzanın səbəblərinin aradan qaldırılmasında roluna dair monoloqunu (bu epizod filmdə də əksini tapıb) kasetə yazıb. Bu monoloq artıq yazıya köçürülüb. Rusiya prezidenti Boris Yeltsin 1996-cı ildə Valeri Leqasova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.

Boris Şerbina – məmur


Çernobılda partlayışın baş verməsi ilə bağlı məlumatlar təsdiqini tapdıqdan dərhal sonra Boris Şerbinanı qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin hökumət komissiyasına sədr təyin edirlər. O, Çernobıla gələndə faciənin miqyasının Moskvada düşünüldüyündən daha ağır olduğunu görür. Komissiyanı müxtəlif istiqamətlərdə çalışan operativ qruplara bölürlər. Hökumət komissiyasının iclasında Şerbina insanların saat 14-də təhlükəli ərazidən köçürülməsinə qərar verir. O, radio üçün məlumat hazırlanmasını və vətəndaşlara sakit tonda müvəqqəti köçürülmə zərurətinin yarandığını çatdırmağı tapşırır. Vətəndaşlar hökumətə inanırdılar, ona görə də təxliyə operativ və təşkilatlanmış şəkildə baş tutur. Şerbinanın rəhbərlik etdiyi komissiya stansiyada yanğınların söndürülməsi, AES-dəki 4-cü enerji blokunun üstünün örtülməsi, ərazinin zərəsizləşdirilməsi, salamat qalmış enerji bloklarında işlərin bərpası kimi digər məsələləri də həll edib.

Çernobılda güclü şüalanmaya məruz qalması onun immunitetini tamamilə aşağı salmışdı. Boris Şerbina 1990-cı ilin avqustunda vəfat edib.

Vasili və Lüdmila İqnatenko – yanğınsöndürən və onun həyat yoldaşı


Vasili və Lüdmila İqnatenkonun toy şəkli

"Çernobıl” filminin böyük hissəsi ər-arvad İqnatenkoların faciəvi hekayəsinə həsr olunub. Yanğınsöndürən İqnatenko və onun həyat yoldaşı aprelin 27-də Minskə getməli idilər. Amma Çernobıl AES-dəki qəza onların planlarını pozur. Aprelin 26-sı gecə saat 01:30-da Vasili İqnatenkonu yanğını söndürməyə çağırırlar. O, altı yanğınsöndürən həmkarı ilə radioaktiv alovu söndrməyə ilk gələnlərdən idi. Nəticədə Vasili güclü radiasiya zəhərlənməsinə məruz qalır və xəstəxanaya yerləşdirilir. Bir neçə saat sonra Lüdmila ərini xəstəxana palatasında tapır: onun üz-gözü şişmiş, gözləri qıpqırmızı idi, elə hey qusurdu. Lüdmilaya ərinə toxunmamağı əmr edirlər: "Qucaqlamaq və öpmək olmaz, hətta ona yaxınlaşa da bilməzsən. Yarım saatın var”.

Zərərçəkmiş yanğınsöndrənləri xüsusi reyslə Moskvaya, 6 nömrəli radioloji xəstəxanaya yola salırlar. Lüdmila da ərinin arxasınca yollanır.

İki həftə sonra Vasili İqnatenko şüa xəstəliyindən dünyasını dəyişir. Onu sink tabutda Moskva qəbiristanlığında üzərinə sement qarışığı tökməklə dəfn edirlər. Məzarı başında Lüdmila İqnatenko əlində qərənfillər və ərinin şişmiş ayaqlarına yaramayan çəkmələrini tutmuşdu.

Qəza zamanı Lüdmila hamilə idi. O, ərinin uşaq üçün nə qədər təhlükə vəd etdiyini bilmirdi. Onun qızı Nataşa doğulduqdan sonra sadəcə beş gün yaşayır: o ürək qüsuru və qaraciyər sirrozu ilə dünyaya gəlmişdi. Lüdmila İqnatenkoya Troşinadakı 20 Çernobıl evindən birində ikiotaqlı mənzil veririlər. O, qida sənayesində texnoloq peşəsinə yiyələnir və qənnadıçı kimi çalışır. Bir neçə il sonra Lüdmilanın Anatoli adlı oğlu doğulur. Yaxın illərdə onun oğlu da dünyasını dəyişib. Oğlunun vəfatından sonra Lüdmila mikroinsult keçirib, bir neçə dəfə əməliyyat olunub. Hazırda Vətənində, Kiyevdə yaşayır.

Anatoli Dyatlov – baş mühəndisin müavini


Qəza işi ilə bağlı mühakimə olunanlar (soldan sağa): Çernobıl AES-in direktoru Viktor Bryuxanov, baş mühəndisin mavini Anatoli Dyatlov, baş mühəndis Nikolay Fomin

Rəsmi versiyalara görə, qəzanın əsas günahkarlarından biri Anatoli Dyatlov Çernobıl AES-in istismarı üzrə baş mühəndisin müavini idi. Kifayət qədər ciddi – 390 ber şüalanmaya məruz qalmasına baxmayaraq, o ümumi rejimli təcridxanada cəza çəkmək üzrə 10 il azadlıqdan məhrum edilir. Dörd il sonra isə müdafiə məktub və xahişləri, o cümlədən akademik Andrey Saxarovun xahişlərindən sonra Anatoli Dyatlov vaxtından əvvəl azadlığa buraxılır. Dyatlov günahını heç vaxt boynuna almayıb. "Çernobıl” kitabında o, qəzanın necə baş verdiyini qələmə alıb. Onun sözlərinə görə, qəzaya "reaktorun fiziki xarakteristikası, tənzimləmə qurğularının konstruksiyasının xüsusiyyətləri və reaktorun reqlamentdən kənar vəziyyətə gətirilməsi” səbəb olub. Qəzanın 30 illiyi ərəfəsində "youtube"da Dyatlovun evində naməlum operator tərəfindən lentə alınmış görüntüləri yayımlanıb. Orada baş mühəndisin müavini qəza ilə bağlı öz versiyasiyasını səsləndirir və növbəti dəfə bildirir ki, heç bir günahı yoxdur. Dyatlov 65 yaşında infarktdan dünyasını dəyişib.

Viktor Bryuxanov – Çernobıl AES-n direktoru


Viktor Bryuxanov Pripyat şəhərində orta məktəbdə

Çernobıl AES-in keçmiş direktoru Viktor Bryuxanov da rəsmi versiyaya görə, faciənin əsas günahkarlarından sayılır. O, "işdə ağır nəticələrə gətirib çıxaran ciddi səhvlər və çatışmazlıqlara görə” partiya sıralarından xaric olunub, cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkmək üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanada Viktor Bryuxanovun vəziyyəti ağır idi. Onun hansı təcridxanaya yerləşəcəyi buranın sakinlərinə o gəlmədən öncə çatmışdı. Bütün zon qəzanın əsas səbəbkarını görməyə çıxmışdı. Viktor Bryuxanov zonda ingilis dilini öyrənir, rus ədəbiyyatı klassiklərini oxuyur. Səhhətindəki problemlərlə bağlı onu vaxtından əvvəl azad edirlər.

1991-ci ildə azadlığa buraxıldıqdan sonra Bryuxanov dərhal Çernobıla gedir. Onu burada "çox isti qarşılayırlar” və texniki şöbənin rəisi vəzifəsini təklif edirlər. 1995-ci ildə isə Ukraynanın energetika naziri Aleksey Makuşin Bryuxanovu "İnterenerqo” Birliyi rəisinin müavini vəzifəsinə dəvət edir. Bryuxanov elektrik enerjisinin xarici ölkələrə satışına dair danışıqlara məsul idi, Macarıstan, Yaponiya və Almaniyada ezamiyyətdə olunub. 72 yaşında görmə problemlərinə görə təqaüdə çıxıb. Serial yayıma çıxdığında Bryuxanov artıq 83 yaşında idi.

Nikolay Fomin – baş mühəndis

Rəsmi versiyaya əsasən Çernobıl AES-in baş mühəndisi Nikolay Fomin də qəzanın əsas günahkarlarından biri elan olunub. O, qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir, amma eyni zamanda stansiyanın direktoru Viktor Bryuxanovla birlikdə həbs olunur. Onu da 10 illik azadlıqdan məhrum edirlər. Hələ istintaq zamanı baş mühəndis ağlını itirir – gözlüyünü sındırır, onun şüşəsi ilə damarlarını kəsməyə cəhd edir. 1988-ci ildə, həbsinin ikinci ilində Nikolay Fomində reaktiv psixoz (reallığın qəbulu və ətraf aləmlə qarşılıqlı əlaqə yollarının müvəqqəti dəyişikliyi və patologiyası) müşahidə olunur. Onu məhkumlar üçün nəzərdə tutulan Rıbinsk psixonevroloji xəstəxanasına yerləşdirirlər. Bir müddət sonra isə Fomin yaxınlarının təkidiylə həbsxana xəstəxanasından Tver vilayətində mülki psixiatriya klinikasına köçürülür. Keçmiş baş mühəndis bir müddət Kalininsk AES-ində çalşıb.

Çernobıl AES-in keçmiş mühəndisi hazırda həyat yoldaşı, övladları və nəvələriylə Tver vilayətinin Udomlya şəhərində yaşayır. O, 1986-cı il hadisələrini xatıramamağa çalışır. Fominin bir deyimi isə KİV-də geniş rezonans doğurmuşdu: "Məni çox şeydə ittiham edirlər. Amma ünvanıma deyilən hər şeyin ədalətli olduğunu düşünmürəm. Özümü bir məsələdə günahkar bilirəm: həmişə belə düşünürdüm ki, müəssisənin fəaliyyətində əsas texnikadır, amma sən demə əsas insanlar imiş. Onların əhəmiyyətini düzgün qiymətləndirməmişəm”.

Aleksandr Akimov – gecə növbəsinin rəisi


Qəza işi üzrə günahlandırılanlar (soldan sağa): stansiyanın istismar üzrə baş mühəndisinin müavini Anatoli Dyatlov və və baş mühəndis Nikolay Fomin hökmü dinləyir.

Faciənin baş verdiyi gün gecə növbəsinin rəisi Aleksandr Akimov pultun arxasında təcrübəni izləyirdi. Müşahidəçilər nəyinsə yolunda getmədiyini anladıqlarında dərhal əsas soyutma nasosunu bağlayırlar. Uran çubuqları qızmağa başlayır. Zəncirvari reaksiya aktivləşir. Eyni anda bir neçə uran çubuğu gözlənilmədən reaktorun fəal hissəsinə düşür, ancaq reaktorun gücü zəifləmir. Yalnız reaktorun gücü bir neçə yüz dəfə yüksəldikdən sonra Akimov qəza düyməsini basır.

4-cü enerji blokunda partlayışdan dərhal sonra Aleksandr Akimov AES-in onlarla əməkdaşı ilə birlikdə üçüncü blokun su nasosları və su təchizatını bərpa edib. Onlar bütün əməkdaşları təhlükəli ərazidən uzaqlaşdırır, generatorlardan hidrogeni çıxarır, onu təhlükəsiz azotla əvəzləyirlər, nasosla tonlarla yağı boşaldır, onun yanmasına imkan vermirlər. Məhz bu insanlar qəzanın dünya miqyaslı bir faciəyə çevrilməsinin qarşısını alırlar. Üçüncü blokun stabil vəziyyətdə işini davam etdirməsinə nail olunur.


Çernobıl AES-də növbə dəyişimi. Soldan birinci Aleksandr Akimov

Bu prosesdə iştirak edənlərin hamısı yüksək dozada şüalanmaya məruz qalırlar və reaktorda yanğını söndürməyə ilk gələn yanğınsöndrənlərin ardınca yerli xəstəxanaya yerləşdirilirlər. İki həftə sonra Aleksandr Akimov Moskvada şüa xəstəliyindən dünyasını dəyişir.

Leonid Toptunov – Çernobıl AES-in reaktor sexinin baş mühəndisi

Çernobıl AES-in reaktor sexinin baş mühəndisi Leonid Toptunov reaktorun gücünün tənzimlənməsinə cavabdeh idi və ilk olaraq o anlayır ki, sürətin artırılması reaktorun nəzarətdən çıxmasına gətirib çıxara bilər. Belə olduqda o, təcrübəni dayandırmağı tələb edir. Amma Dyatlov onu dinləmir, reaktorun gücünü artırmağı tələb edir, hansı ki, sonda məlum faciəyə gətirib çıxarır. Toptunov qəzadan iki həftə sonra Moskva xəstəxanasında şüalanmadan dünyasını dəyişib.

Radioaktiv suya baş vuran qəhrəmanlar


Qəzanın nəticələrini aradan qaldıran briqadanın bərpa işləri üçün növbə dəyişimi

Çəndəki suyun rəzəsini açmaq üçün radioaktiv suya girən Aleksey Ananenko, Valeri Bespalov və Boris Baranov stansiyada daha dəhşətli partlayışın qarşısını alıblar. Ananov və Bespalov hazırda sağdırlar və işləməyə davam edirlər. Baranov isə 2005-ci ildə ürək tutmasından dünyasını dəyişib.

 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031