Gündəm

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu - Mursinin ölüm səbəbləri

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu - Mursinin ölüm səbəbləri
 

Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib.

Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusuluq ittihamı ilə mühakimə olunduğu prosesin gedişində ürək tutmasından vəfat edib.

2012-2013-cü illərdə Misir prezidenti olmuş Məhəmmdə Mursi ordunun həyata keçirdiyi hərbi çevriliş nəticəsində devrilib və casusluq, polis idarəsinə basqın kimi cinayətlərdə ittiham olunub. 2015-ci ilin mayında edam cəzası alıb, bir başqa məhkəmə prosesində isə yenə 2015-ci ildə ömürlük həbs cəzası alıb. Ancaq edamı icra olunmayıb.

Məhəmməd Mursi İsa əl-Əyyat 1951-ci ildə Misirin şimalında Şərqiyyə əyalətində kənddə dünyaya gəlib. Orta təhsilini kənd məktəbində alıb. 1975-ci ildə Qahirə Universitetinin mühəndislik faküıtəsinə qəbul olub. Daha sonra metallurgiya sahəsi üzrə magistr dərəcəsi alıb və Cənubi Korolina ştatında doktorantura təhsilini davam edib və 1985-ci ilə qədər ABŞ-da universitet professor olaraq çalışıb. 1985-ci ildə Misirə qayıdıb və 2010-cu ilə qədər Zaqaziq Universitetində Mühəndislik Faklütəsinin müəllimi və dekanı olaraq çalışıb.

Məhəmməd Mursi hələ universitet illərində 1977-ci ildə Misirin və müsəlman aləminin ilk dini-siyasi təşkilatlarından olan "Müsəlman Qardaşlar” Hərəkatına qoşulur. Sonrakı illərdə təşkilatın rəhbər heyətinə daxil olur. 2000-ci ildə Misirdə keçirilən seçkilərdə iştirak edən Mursi qələbə qazanır və müstəqil deputat kimi fəaliyyət göstərir. 2005-ci ildə keçirilən seçkilərdə yenidən yüksək fərqlə qalib gəlsə də Mübarək hökuməti nəticələri ləğv edir.

2011-ci il yanvarın 25-də "ərəb baharı” dalğasında Qahirədə ilk etiraz aksiyaları başlayır və tezliklə inqilaba keçvilir. Bu zaman artıq "Müsəlman Qardaşlar” Misir inqilabının aparıcı qüvvəsinə çevrilmişdi. Fevralın 11-də Hüsnü Mübarək istefa verdikdən sonra Misirdə əsas siyasi qüvvələrdən biri "Müsəlman Qardaşlar” idi. 2011-ci il aprelin 30-də "Müsəlman Qardaşlar” Hərəkatının siyasi qanadı Azadlıq və Ədalət Partiyası yaradılır, Mursi isə partiyanın lideri olur.

23-24 may 2012-ci ildə keçirilən seçkilərdə 13 namizəd qatılsa da, Azadlıq və Ədalət Partiyasının namizədi Məhəmməd Mursi və Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, 2011-ci il inqilabı zamanı iki ay hökumətə rəhbərlik etmiş Əhməd Şəfiq ikinci tura qaldı. İyunun 16-17-də keçirilən seçkinin ikinci turunda isə Mursi 51,7 faiz səs alaraq Misirin demokratik yolla seçilmiş ilk prezidenti oldu.

Ancaq Misirdə inqilab olsa da köhnə hakimiyyət, xüsusən də Misirin min illik tarixində aparıcı rola malik olan ordu hələ də güclü idi. O cümlədən dövlət bürokratiyası, iş dünyası hələ də keçmiş hakimiyyətin tərəfdarlarının əlində idi. Mursinin ən böyük rəqibləri isə xaricdə idi. Onun siyasi islam, yəni "ixvan” xəttində olması regionda ciddi rəqiblərinin yaranmasına səbəb oldu. Mursinin Türkiyə və Qətərlə qeyri-rəsmi ittifaqı, İsrail mövzusunda mövqeyi ona qarşı tezliklə güclü əks-cəbhə yaratdı. Təbii ki, burada siyasi təcrübə və regional siyasi-hərbi şərtlər də öz sözünü dedi. Nəticədə 1 ilin tamamında artıq Mursiyə qarşı yaxın ətrafda ciddi hərbi-siyasi düşmən cəbhəsi formalaşmışdı.

2013-cü il iyunun 30-da isə bir neçə ay əvvəl təşkilatlanan gənclər hərəkatları və digər dünyəvi və liberal siyasi qruplar, eləcə də sonradan bilindiyi kimi "Nur” Partiyası tərəfdarları Mursi hökumətinə qarşı aksiyalara başladı. Birləşmiş müxalifət "Milli Qurtuluş Cəbhəsi” adı altında birləşdi. Mursi hakimiyyətinə qarşı başlayan hərəkat "Təmərrud” (üsyan) hərəkatı adını aldı. Aksiyalar bütün Misir şəhərlərinü bürüdükdən sonra Misir ordusu baş qərargah rəisi Əbdülfəttah Sisi tərəflərə müraciət edərək uzlaşma üçün 48 saat vaxt verdi. Verilən vaxt başa çatdıqda isə iyulun 3-də ordu hərəkətə keçərək hökuməti devirdi və daha sonra isə hökumət rəsmiləri, o cümlədən prezident Məhəmməd Mursi həbs olundu.

Hərbi çevrilişə etiraz olaraq küçələrə çıxan "İxvan” tərəfdarlarına qarşı hökumət qüvvələri silahdan istifadə edib. Ümumilikdə hərbi çevrilişin baş verdiyi 3 iyuldan sonra Misirdə öldürülənlərin sayı 2000 nəfərdən çox olub, 5 min nəfərdən artıq insan yaralanıb, 2 min nəfər isə həbs olunub. Bundan başqa, öldürülənlər arasında "ixvan” liderlərinin övladları da olub.

Ən şiddətli toqquşmalar isə Qahirənin "Rabul Ədəviyyə” və ya "Rabia” meydanında baş verib. Təxminən 40 gün – çevrilişdən sonra avqustun 14-dək davam edən etirazlar 14 avqust günü polisin müdaxiləsi ilə dağıdlıb. Rəsmi məlumatlara görə, toqquşmalarda 8-i polis olmaqla 632 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb.

Ümumilikdə ötən illər ərzində Misirdə 10 minə yaxın "İxvan” üzvü həbs olunub. Məhkəmə tərəfindən 683 "ixvan” üzvü və ya tərəfdarına edam qərarı verib, onlardan 3-ü qadındır. Ən son olaraq bu ilin fevralında 19 "ixvan”çı edam edilib. Ümumilikdə 2016-cı ildə 60, 2017-ci ildə isə 112 "ixvan” üzvü edam olunub. Misir qanunlarına görə, məhkəmənin edam qərarı verdiyi şəxslərin hökmləri baş müftiyə göndərilir. Müfti qərarı təsdiqlədikdən sonra edam icra olunur.

Məhəmməd Mursi bir neçə iş üzrə mühakimə olunub. Bir dəfə Misirin devrilmiş prezidenti Hüsnü Mübarəklə üzləşdirilib. Hazırda Mübarək həbsdən azad edilib. Ancaq artıq 6 ildən çoxdur ki, Mursinin mühakiməsi davam edirdi. Beynəlxalq təşkilatların tələblərinə baxmayaraq Misir hakimiyyəti onu bir neçə iş üzrə mühakimə edərək azadlığa buraxmaq istəməyib.

Görünür ki, ağır və aramsız məhkəmə prosesləri, təzyiqlər 68 yaşlı eks-prezidentin sağlamlığına ciddi zərbə vurub və o, elə məhkəmə zalında infarktdan dünyasını dəyişdi.

Kənan Rövşənoğlu,
"Yeni Müsavat”

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031